Creation Science Information & Links!
Rəbbimiz Isa Məsih · Matta 6
Lord Jesus Christ · Matthew 6

   «Ehtiyatlı olun, özünüzü insanlara göstərmək üçün yaxşılıq etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız.  Ona görə də sədəqə verdiyin zaman öz önündə car çəkmə. Çünki ikiüzlülər insanların onları tə’rifləməsi üçün sinaqoqlarda və küçələrdə belə edirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar.  Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin.  Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlidə olanı görən Atan səni mükafatlandıracaq.  Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Çünki belələri insanlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar.  Amma sən dua etdiyin zaman öz otağına girib qapını ört. Gizlində olan Atana dua et. Gizlində etdiyin duanı görən Atan səni mükafatlandıracaq.  Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər.  Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir.»   Matta 6:1-8

   «Buna görə siz belə dua edin: “Ey göylərdə olan Atamız, Adın müqəddəs tutulsun.  Səltənətin gəlsin. Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun.  Gündəlik çörəyimizi bizə bu gün ver.  Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla.  Bizi sınağa çəkmə, Lakin bizi şərdən xilas et. [Çünki səltənət, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin!]” »   Matta 6:9-13

   «Əgər başqalarının təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.  Amma siz başqalarını bağışlamasanız, Atanız da sizi bağışlamaz.  Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar.  Amma sən oruc tutduğun zaman başına yağ sürt və üzünü yu.  Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq.  Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar.  Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar.  Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.  Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.  Əgər gözün şikəst olarsa, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür.  Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib, o birini sevəcək ya da birinə bağlı qalıb, o birinə isə xor baxacaq. Siz həm Həqq-Təala, həm də var-dövlətə qulluq edə bilməzsiniz.  Buna görə sizə deyirəm: nə yeyəcəksiniz və nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın. Can yeməkdən və bədən geyimdən daha vacib deyilmi?  Göydə uçan quşlara baxın. Onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayırlar. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?  Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq uzada bilər?  Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür. Nə zəhmət çəkirlər, nə də ip əyirirlər.  Lakin sizə bunu deyirəm ki, bütün cah-cəlalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.  Ey imanı az olanlar, bu gün olub, sabah ocağa atılan çöl otunu Həqq-Təala belə geyindirirsə, gör sizi necə geyindirəcək.  Beləliklə, “nə yeyəcəyik”, “nə içəcəyik” və ya “nə geyəcəyik” deyə qayğı çəkməyin.  Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.  Ona görə də siz əvvəlcə Həqq-Təala Səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.  Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz hökmü var.»   Matta 6:14-34


Rəbbimiz Isa Məsih · Matta 6
http://www.creationism.org/azerbaijani/salvJesusMatt6_az.htm



Ana Səhifə:  Azeri
www.creationism.org